Deputatlar xəbərləri daha çox haradan izləyirlər? – Sorğu

Deputatlar xəbərləri daha çox haradan izləyirlər? – Sorğu

Tanınmış jurnalist Mirşahin Ağayevin “Televizora baxmıram” ifadəsini işlədən şəxslərlə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Məsələ fonunda Milli Məclis deputatlarının informasiyanı hansı mənbələrdən əldə etdikləri və televiziya izləmə vərdişləri ilə bağlı sorğu keçirilib.

Sorğuda iştirak edən deputatların əksəriyyəti televiziya izlədiklərini bildirsələr də, operativ informasiya üçün daha çox xəbər saytlarına, informasiya agentliklərinə, sosial şəbəkələrə və rəsmi mənbələrə üstünlük verdiklərini qeyd ediblər.

Deputat Tənzilə Rüstəmxanlı bildirib ki, məlumatları əsasən yerli informasiya agentliklərindən, televiziya kanallarından, Türkiyə mediasından və sosial şəbəkələrdən əldə edir. Onun sözlərinə görə, televiziya izləməyə çox vaxt ayıra bilməsə də, Azərbaycan kanallarını, xüsusilə xəbər yayımlarını mütəmadi izləyir.

Hikmət Babaoğlu televiziya kanallarını izlədiyini, eyni zamanda xəbərləri media agentlikləri, beynəlxalq mənbələr və ixtisaslaşmış sosial şəbəkələrdən aldığını deyib.

Fatma Yıldırım isə əsasən İctimai TV, AzTV və ARB-də yayımlanan xəbər və ictimai-siyasi proqramlara baxdığını, gündəlik məlumatları isə etibarlı xəbər portalları və rəsmi dövlət qurumlarının açıqlamaları vasitəsilə izlədiyini vurğulayıb.

Səbinə Salmanova televiziya ilə yanaşı, rəqəmsal media resurslarından da geniş istifadə etdiyini bildirib. Onun sözlərinə görə, xəbərləri AzTV, İTV, Real TV, eləcə də müxtəlif xəbər agentlikləri, xəbər portalları və rəsmi dövlət qurumlarının açıqlamaları vasitəsilə izləyir. Deputat informasiya bolluğu şəraitində əsas məsələni doğru və təsdiqlənmiş məlumat əldə etməkdə gördüyünü qeyd edib.

Fariz İsmayılzadə televiziyada yalnız xəbər proqramlarını izlədiyini deyib.

Vüqar İskəndərov isə AzTV, İctimai TV, ARB 24, Baku TV və Real TV-ni izlədiyini, eyni zamanda məlumatları xəbər saytları və beynəlxalq media qurumlarından aldığını bildirib. O, informasiyanın təhlil edilməsinin ən vacib məqam olduğunu vurğulayıb.

Naqif Həmzəyev televiziyaya baxdığını, lakin operativlik baxımından xəbər saytları və informasiya agentliklərinin daha üstün olduğunu bildirib. Bununla yanaşı, televiziya kanallarının Azərbaycan dilinin qorunması və təbliğində mühüm rol oynadığını qeyd edib.

Elman Nəsirov informasiyanı əsasən xəbər saytları və sosial şəbəkələrdən aldığını, televiziya kanallarını isə daha etibarlı informasiya mənbəyi hesab etdiyini söyləyib. Onun fikrincə, televiziya dövrün tələblərinə uyğun inkişaf edərək auditoriyasını qorumağa çalışmalıdır.

Müşviq Cəfərov isə son aylarda demək olar ki, televiziya izləmədiyini, xəbərləri əsasən xəbər saytları, sosial şəbəkələr və “Telegram” platforması vasitəsilə əldə etdiyini bildirib.

Sorğunun nəticələri göstərir ki, deputatlar televiziya kanallarını hələ də etibarlı informasiya mənbəyi hesab etsələr də, operativ xəbərlər üçün daha çox rəqəmsal media, xəbər agentlikləri və sosial platformalara üstünlük verirlər.

Mənbə: Azxəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir