Odessa yaxınlığında dron hücumuna məruz qalan gəminin azərbaycanlı kapitanının cənazəsi Vətənə göndərilib.
Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalan “Atlas Bey” yük gəmisinin kapitanı, Azərbaycan vətəndaşı Səməd Nəsrullayevin cənazəsi ölkəyə yola salınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin həyata keçirdiyi konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində iyulun 17-də Səməd Nəsrullayevin nəşi Azərbaycana göndərilib.
“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” – deyə XİN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalmışdı. Gəminin heyətində 11 Azərbaycan vətəndaşı olub. Onlardan 10 nəfər Moldova üzərindən Türkiyəyə, oradan isə Azərbaycana təxliyə edilib. Hücum zamanı həlak olan gəmi kapitanı Səməd Nəsrullayevin nəşi daha sonra tapılıb.

