Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol hərəkəti iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
Qeyd olunub ki, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı zonalara gedən istiqamətlərdə hərəkət intensivliyi artacaq. Bu isə yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldə bilər.
BDYPİ sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, uzun məsafəyə çıxmazdan əvvəl kifayət qədər dincəlməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edib.
Bununla yanaşı, sürücülər təhlükəsiz ara məsafəsini saxlamalı, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinməli, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etməli, səfərdən əvvəl isə nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalıdırlar.
Müraciətdə dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlara, eləcə də piyadalara da çağırış edilib. Bildirilib ki, yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmək vacibdir.
BDYPİ qeyd edib ki, çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olması səbəbindən həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlı davranmalıdırlar.
“Unutmayaq ki, təhlükəsiz istirahətin yolu təhlükəsiz səfərdən başlayır. Bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırırıq. Hər bir məsuliyyətli davranış təhlükəsiz və rahat istirahətin təminatıdır”, – deyə müraciətdə vurğulanıb.

