Xəbər Yerində xəbər verir ki, Fransada yaşayan tarixçi Altay Göyüşovun Zəngəzurla bağlı açıqlamaları erməni mediasında geniş müzakirəyə çıxarılıb.
Göyüşovun “Azərbaycan tarixində indiyə qədər heç kim erməni Sünikini ‘Şərqi Zəngəzur’ adlandırmayıb” fikri erməni mediasının diqqət mərkəzinə düşüb. Materiallarda onun “Şərqi Zəngəzur” ifadəsinin məntiqi baxımdan “Qərbi Zəngəzur” anlayışının mövcudluğunu nəzərdə tutduğu barədə fikirləri ön plana çəkilib.
Məsələ ilə bağlı yayılan materiallarda bu ifadədən Azərbaycanın Ermənistan ərazisinə dair iddiasının olduğu nəticəsinin çıxarılmasına cəhd edilib.
Azərbaycanın rəsmi mövqeyinə görə isə Ermənistan ərazisinə qarşı ərazi iddiası irəli sürülmür. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə də beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyi prinsipləri təsbit olunub.
Altay Göyüşovun açıqlamaları ilə bağlı Azərbaycanda da fərqli mövqelər səsləndirilib. Tarixçi Məhərrəm Zülfüqarlı Göyüşovun yanaşmasını tənqid edərək “Şərqi Zəngəzur” və “Qərbi Zəngəzur” ifadələrinin tarixi-coğrafi bölgünü ifadə etdiyini bildirib.
Mənbə: Unikal.az

