Vətəndaşlardan yaşayış evlərinin tikinti və təmiri adı ilə külli miqdarda pul almaqda, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə şübhəli bilinən tikinti şirkətinin rəhbəri saxlanılıb.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evinin təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı müəyyən edilib. Lakin onun nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi məlum olub.
Ekspert rəyinə əsasən, həmin ünvanda görülən tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsaitin isə şirkət rəhbəri tərəfindən ələ keçirildiyi bildirilir.
Bundan başqa, digər bir vətəndaşın da Elsevər Əliyevdən şikayət etdiyi müəyyənləşib. Müraciətdə şirkət rəhbərinin tikinti və təmir işləri üçün həmin şəxsdən hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı qeyd olunub.
Həmin vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb və müvafiq ekspertizalar təyin edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən E. Əliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində o, saxlanılaraq istintaqa təqdim edilib.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

