Muğlanın Fethiye rayonunda körfəzdə gəzinti qayığında yanğın baş verib. Aralarında uşaqların da olduğu 115 sərnişin can jileti geyinərək dənizə atılıb və təhlükəsiz şəkildə təxliyə edilib.
Hadisə Fethiye sahillərində, dəniz gəzintisi edən qayığında qeydə alınıb. Hələlik müəyyən edilməyən səbəbdən başlayan yanğın qısa müddətdə güclənib. Sərnişinlər panika içində can jiletlərini geyinərək dənizə atılıblar.
Xəbərdarlıqdan sonra əraziyə Sahil Mühafizə və təcili tibbi yardım ekipajları göndərilib. Ətrafdakı bəzi qayıqlar da xilasetmə işlərinə dəstək verib.
Yanğın nəticəsində qayığın böyük hissəsi yararsız vəziyyətə düşüb və daha sonra batmağa başlayıb. Sərnişinlər Sahil Mühafizə və ərazidəki digər qayıqlar vasitəsilə təhlükəsiz şəkildə sahilə çıxarılıb. Tibbi qruplar sərnişinləri müayinə edib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Fethiye rayonunun rəhbəri Fatih Akkaya da hadisə yerinə gedərək vəziyyətlə tanış olub. O, sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

