Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Xəbər Yerində FHN-ə istinadən xəbər verir ki, nazirlik küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladaraq, vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd edək ki, dünən Milli Hidrometeorologiya Xidməti tərəfindən güclü küləklə bağlı narıncı xəbərdarlıq elan edilmişdi. Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürətinin güclənəcəyi, bəzi yerlərdə saniyədə 25-30 metrədək artacağı bildirilmişdi.
Nazirlik vətəndaşlara hava şəraitini nəzərə almağı, xüsusilə çimərliklərdə ehtiyatlı davranmağı və xilasedicilərin tələblərinə riayət etməyi tövsiyə edir.
“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə FHN-in müraciətində qeyd olunub.

