Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, dağ çaylarında qısamüddətli sel və daşqınların müşahidə oluna biləcəyi, həmçinin güclü külək və şimşək çaxacağı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyi əhalini mümkün təhlükələrə qarşı diqqətli olmağa çağırıb. Qurum sel və daşqın riski olan ərazilərdən uzaq durmağı, təhlükə yaranacağı təqdirdə isə dərhal yüksək və təhlükəsiz əraziyə keçməyi tövsiyə edib.
Nazirlik güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və digər təhlükəli obyektlərdən uzaq dayanmağın vacibliyini bildirib. Elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında dayanmaq da təhlükəli hesab olunur.
Kiçikhəcmli gəmi istifadəçilərinə isə hava şəraiti sabitləşənədək dənizə çıxmamaq tövsiyə edilib.
FHN ildırım zamanı da xüsusi ehtiyatlı olmağa çağırıb. Belə hava şəraitində elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmamaq, elektrik xətləri, antenalar və digər metal konstruksiyalardan uzaq dayanmaq məsləhət görülür.
Açıq ərazidə olan şəxslərə hündür ağacların altında gizlənməmək, avtomobildə olanlara isə hərəkəti dayandıraraq şüşələri bağlamaq və ildırım təhlükəsi sovuşana qədər gözləmək tövsiyə olunub.

