Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlik bildirib ki, hazırda bəzi ərazilərdə intensiv yağış, güclü külək və şimşək çaxması müşahidə olunur. Qeyri-sabit hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.
FHN əhaliyə intensiv yağışlar zamanı çaylarda yarana biləcək sel və daşqın, eləcə də subasma təhlükəsi ilə bağlı diqqətli olmağı tövsiyə edib. Vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə yarandığı halda dərhal yüksək ərazilərə çıxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək çağırışı edilib.
Güclü külək zamanı isə yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunub.
Nazirlik kiçikhəcmli gəmilərin istifadəçilərinə də hava şəraiti ilə əlaqədar dənizə çıxmamağı tövsiyə edib.
İldırım çaxması zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağaclardan uzaq durulması, avtomobildə olan şəxslərin isə hərəkəti dayandıraraq şüşələri bağlı saxlaması tövsiyə edilib.
FHN bir daha vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Təhlükə zamanı 112-yə zəng edin!

