Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində bir sıra tədbirlər təşkil olunub.
Tədbirlərin ilk günü Fidan Hacıyeva Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində gənclərlə görüşüb.
Növbəti gün isə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Xalq artistinin yaradıcılıq görüşü və ustad dərsi baş tutub.
İlk olaraq Naxçıvan Bəstəkarlar Təşkilatında keçirilən görüşdə qurumun sədri, Əməkdar incəsənət xadimi Nazim Quliyev Fidan Hacıyevanın zəngin yaradıcılıq fəaliyyəti, eləcə də milli və dünya opera sənətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva vokal ixtisası üzrə təhsil alan tələbələrin tədris prosesi, akademik göstəriciləri və yaradıcılıq imkanları barədə məlumat verərək ustad dərsinə başlanıldığını elan edib.
Tələbələrin böyük maraqla iştirak etdiyi ustad dərsində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə tələbələri Kamil Hüseynli, Çetin Kadir, Aylin Rüstəmova, Hüseyn İmamverdiyev, Abbas Rzayev və Emil Şirzadovun, həmçinin Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Məmmədovun ifaları dinlənilib.
Fidan Hacıyeva ustad dərsində iştirak edən tələbələrə öz adından beynəlxalq sertifikatlar təqdim edib.
Tədbirlər Naxçıvan Heydər Əliyev Sarayında “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində təşkil olunan konsert proqramı ilə davam edib.
Konsert Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri ilə açılıb. İfa Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə təqdim olunub. Xalq artistinin ifasında səslənən klassik və müasir mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Proqram Müslüm Maqomayevin “Azərbaycan” əsərinin bütün solistlərin və xor kollektivinin birgə ifası ilə başa çatıb.















