Dünya çempionatının finalında İspaniyaya məğlub olan Argentina millisinin azarkeşlərinin Buenos-Ayresdə keçirdiyi kütləvi toplaşma gecə saatlarında polis ilə qarşıdurma ilə nəticələnib.
Paytaxtın simvollarından olan Obelisk meydanına axışan minlərlə azarkeşi dağıtmaq üçün hüquq-mühafizə orqanları xüsusi vasitələrə əl atıb. Məlumata görə, yerli vaxtla saat 23:30 radələrində polis izdihamı prospektdən uzaqlaşdırmağa başlayıb.
Bildirilir ki, qarşıdurma zamanı rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə olunub. İlkin məlumata əsasən, insident nəticəsində xəsarət alanlar var.
Şahidlərin sözlərinə görə, polis əməkdaşlarına şüşə butulkalar atıldıqdan sonra vəziyyət gərginləşib və hüquq-mühafizə orqanları müdaxilə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Argentina millisinin finaldakı məğlubiyyətinə baxmayaraq, minlərlə azarkeş, o cümlədən uşaqlı ailələr komandaya dəstək məqsədilə Obelisk meydanına toplaşmışdı. Gün ərzində sakit keçən tədbir axşam saatlarında nəzarətdən çıxıb.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya əlavə vaxtda vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Mənbə: Bakuws

