Xəbər Yerində xəbər verir ki, Fransanın xeyrinə casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanla bağlı məhkəmə qərarı dəyişdirilməyib.
Bakı Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətinə baxaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəl çıxardığı hökmü qüvvədə saxlayıb. Bununla da Martin Ryanın 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar dəyişməz qalıb.
İstintaqın məlumatına görə, “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları tərəfindən gizli əməkdaşlığa cəlb edilib və agent kimi istifadə olunub.
İttihama əsasən, Ryan Azərbaycanda istehsal olunan silah-sursat, Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsi dövründəki şəxsi heyəti, hərbçilər, xaricdə fransız dilində təhsil alan şəxslər, ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlər, eləcə də Azərbaycanla bir sıra dövlətlər arasında hərbi əməkdaşlıq barədə məlumatların toplanması ilə bağlı tapşırıqlar alıb.
Məhkəmə materiallarında onun digər təqsirləndirilən şəxs Azad Məmmədli ilə Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları arasında Bakıda görüş təşkil etdiyi də qeyd olunub. Azad Məmmədliyə xarici vətəndaşlıq vəd edildiyi bildirilir.
Martin Ryan və Azad Məmmədli 4 dekabr 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə Ryan 10, Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Apa

