“Xəbər Yerində” Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi, Bakı Baş Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.
82 adda dərman vasitəsi gizlədilib
Məlumata görə, Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib.
Aşkar olunan dərman vasitələrinin ümumi qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

