Goranboy rayonunda torpaq sahəsi üstündə yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Xəbər Yerində Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarı ilə İbrahim İbrahimov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Goranboy rayonunun Düzqışlaq kəndində baş verib. Təqsirləndirilən şəxslə qonşuluqda yaşayan əmisi oğlu Azər İbrahimov (soyadı şərtidir) arasında həyətyanı sahələri ayıran çəpərin yeri və torpaq sahəsinin ölçüsü ilə bağlı uzun müddət mübahisə olub.
İddiaya əsasən, mübahisə zamanı İbrahim küçədən dəmir torun üzərindən öz həyətində olan əmisi oğluna tərəf yerdən götürdüyü daşları atıb. Daşlardan biri Azərin baş və sağ üz nahiyəsinə dəyib.
Nəticədə zərərçəkmişin sağ gicgah və sağ almacıq sümüklərində sınıqlar daxil olmaqla ağır xəsarətlər aldığı müəyyən edilib. Ekspertiza bu xəsarətləri həyat üçün təhlükəli olan və sağlamlığın uzun müddət pozulmasına səbəb olan ağır zərər kimi qiymətləndirib.
İbrahim İbrahimova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə o, ittihamı qismən qəbul edib. Təqsirləndirilən şəxs əmisi oğlunun onu mütəmadi olaraq təhqir etdiyini və tərəflər arasındakı mübahisənin əsas səbəbinin torpaq sahəsi ilə bağlı olduğunu bildirib.
İbrahim daş atdığını isə inkar edib. O, hadisə yerində müşahidə kameralarının olduğunu və görüntülərin onun Azəri vurmadığını sübut edə biləcəyini söyləyib.
Təqsirləndirilən şəxs həmçinin əmisi oğlunun daha əvvəl qızına xəsarət yetirdiyini və bununla bağlı polisə müraciət etdiyini bildirib.

