“Xəbər Yerində” Apatv-yə istinadən xəbər verir ki, Göyçay rayonunun Qızılağac kəndində yerləşən tam orta məktəbin binasının təmirə ehtiyacı var.
1959-cu ildə inşa edilən binadan ötən əsrin 60-cı illərində başqa təyinatla istifadə olunub. Hazırda eyni tikilidə bağça, mədəniyyət evi və məktəb fəaliyyət göstərir.
“Şagirddən çox yarasa var”
Müəllim və şagirdlərin sözlərinə görə, məktəbin vəziyyəti xüsusilə yay və qış aylarında ciddi problemlər yaradır.
Şagirdlər bildiriblər ki, yayda ilan, böcək və yarasalar səbəbindən məktəbdə oturmaq çətinləşir.
Qış aylarında isə siniflərin isidilməsi üçün odun və peçdən istifadə olunur. Şagirdlərdən biri deyib ki, bəzən odunu müəllimlər, bəzən də özləri gətirirlər.
Onların sözlərinə görə, bəzi pəncərə və taxtalar sınıq vəziyyətdədir, məktəbdə müxtəlif həşəratlar, hətta qırxayaqlar da olur.
“Uşaq məktəbə gedəndə özü ilə odun aparmalıdır”
Kənd sakinləri məktəbin vəziyyətindən narazıdırlar.
Onların sözlərinə görə, uşaqlar məktəbə gedərkən bəzən özləri ilə odun aparmalı olurlar. Siniflərdə peç yandırıldıqda isə tüstü uşaqları narahat edir.
Sakinlər həmçinin bildiriblər ki, qapılar yararsız vəziyyətdədir, pəncərələrə sellofan çəkilib, döşəmə və tavanla bağlı ciddi problemlər var.
İdman zalının da bərbad vəziyyətdə olduğu və oraya girməyin mümkün olmadığı qeyd edilib.
Sakinlərin sözlərinə görə, məktəbdə təhsil almalı olan uşaqların bir hissəsi vəziyyətə görə dərslərə davam etmir, imkanı olan ailələr isə övladlarını şəhər məktəblərində oxutmağa üstünlük verirlər.
Məktəb yenidən tikiləcək
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Göyçay rayonunun Qızılağac tam orta ümumi təhsil məktəbinin mövcud vəziyyətindən xəbərdardırlar.
Qeyd olunub ki, məktəbin təmir olunması ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təhvil verilib və təhsil müəssisəsinin yenidən tikilməsi nəzərdə tutulur.
Hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 40-dan çox ümumi təhsil müəssisəsində cari təmir, bir təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılır.
Ötən tədris ilində isə iki təhsil müəssisəsinin sökülərək yenidən tikildiyi bildirilib.

