Xəbər Yerində “ApaTv”yə istinadən xəbər verir ki, estetik əməliyyatdan sonra gözlərində ciddi problemlər yarandığını iddia edən Aygün Məhəmmədova həkim Məryəm Abbasovadan şikayətçi olub.
A.Məhəmmədova bildirib ki, 2025-ci ilin martında “Medihall” klinikasında estetik cərrah Məryəm Abbasova tərəfindən göz qapağı əməliyyatı keçirib.
Şikayətçinin sözlərinə görə, əməliyyatdan sonra alt göz qapaqlarının aşağı dartılması nəticəsində gözləri tam bağlanmayıb. O, bunun ardınca gözlərində quruluq və sulanma kimi problemlərin yarandığını iddia edib.
A.Məhəmmədova qeyd edib ki, əməliyyatdan sonra yaranan narahatlıqlarla bağlı dəfələrlə həkimə müraciət etsə də, ona nəticəni görmək üçün bir müddət gözləməli olduğu bildirilib.
Şikayətçi problemin artıq uzun müddətdir davam etdiyini deyərək həkimin məsuliyyətdən yayındığını iddia edib.
Şikayətçi nə tələb edir?
Aygün Məhəmmədova əməliyyat üçün ödədiyi vəsaitin geri qaytarılmasını və başqa həkim tərəfindən yenidən əməliyyat olunmasına şərait yaradılmasını tələb edir.
İddialarla bağlı Məryəm Abbasovanın hazırda çalışdığı bildirilən hospitala müraciət edilib. Lakin tibb müəssisəsinin mühafizəçiləri onun həmin hospitalda işləmədiyini bildiriblər.
Daha sonra estetik cərrahla telefon əlaqəsi saxlanılıb.
Prokurorluqdan verilən qərar
Məryəm Abbasova isə prokurorluğun qəbul etdiyi yekun qərarı təqdim edib.
Qərarda bildirilib ki, Məryəm Rəhim qızı Abbasovanın əməlində cinayət tərkibi müəyyən edilməyib. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibinin olmaması səbəbilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aysel Həsənova da bildirib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Hadisənin digər təfərrüatları videomaterialda təqdim olunur.

