Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanan Mali Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatı cinayət işinin materiallarına əlavə edilib.
Türkiyə KİV-inin məlumatına görə, istintaq çərçivəsində dərnəyin qurucusu, müğənni Haluk Levent də daxil olmaqla ümumilikdə 21 nəfər barəsində saxlanılma qərarı verilib.
MASAK hesabatında Alper Çelik, Zafer Yay və Emrah Gödeliner arasında, eləcə də Ahbap Dərnəyinin əməkdaşları ilə həyata keçirilən çoxsaylı pul köçürmələrinin diqqət çəkdiyi bildirilib. Xüsusilə dərnəklə əlaqəli maliyyə əməliyyatlarının izaha ehtiyac duyduğu vurğulanıb.
Hesabatda şübhəlilərin rəsmi gəlirləri ilə hesablarındakı iri həcmli pul dövriyyəsi arasında ciddi uyğunsuzluq olduğu qeyd edilib. Alper Çelikin 190 milyon 270 min lirə dəyərində mərc kuponu oynayaraq uduzduğu, Emrah Gödelinerin isə kriptovalyuta vasitəsilə çirkli pulların yuyulması ilə bağlı ayrıca araşdırıldığı bildirilib.
Bundan başqa, pul köçürmələrinin təyinat hissəsində “Haluk Levent üçün borc”, “Ahbap fəaliyyəti üçün borc”, “Haluk Levent təcili veksel ödənişi” kimi qeydlərin yer aldığı diqqətə çatdırılıb.
MASAK hesabatında şübhəlilərin Ahbap Dərnəyindən sui-istifadə edib-etmədiyinin hərtərəfli araşdırılmasının zəruri olduğu qeyd olunub.

