Hamburqda silahlı hücum: İki türk öldürüldü

Hamburqda silahlı hücum: İki türk öldürüldü

Almaniyanın Hamburq şəhərində silahlı hücum nəticəsində iki Türkiyə vətəndaşı öldürülüb, bir nəfər isə yaralanıb.

Hadisə sentyabrın 1-də şəhərin St. Pauli rayonunda, Hamburg Beynəlxalq Sərgi Mərkəzinin qarşısındakı Lagerstrasse küçəsində yerləşən biznes kompleksində baş verib.

Əraziyə silah səsləri barədə məlumat daxil olduqdan sonra çox sayda polis və tibbi yardım briqadası göndərilib. Polis avtomobil dayanacağında güllə yarası almış 47 yaşlı kişini ağır vəziyyətdə aşkarlayıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Binada aparılan axtarış zamanı isə 33 yaşlı digər kişi başından güllə yarası ilə ölü vəziyyətdə tapılıb. Hər iki şəxsin Türkiyə vətəndaşı olduğu müəyyənləşib.

Hadisə zamanı 48 yaşlı daha bir Türkiyə vətəndaşı baş nahiyəsini sıyıran güllə nəticəsində yaralanıb. O, hadisə yerindən öz imkanları ilə ayrılaraq xəstəxanaya müraciət edib. Yaralının vəziyyətinin ağır olmadığı bildirilir.

Alman mediasının məlumatına görə, hücumdan əvvəl üzlərinin bir hissəsi maskalı 8-10 nəfərlik qrup biznes kompleksinə daxil olub. Bir müddət sonra ərazidə atəş səsləri eşidilib.

İsmail Özenlə bağlılıq təsdiqlənməyib

Hadisənin baş verdiyi kompleksdə keçmiş peşəkar boksçu, “Universum Boxing” klubunun sahibi İsmail Özenə məxsus boks zalının da yerləşdiyi bildirilir.

Özen vəkili vasitəsilə açıqlama yayaraq hücumun onunla əlaqəsinin olmadığını, hadisənin şirkətinə məxsus ərazidə baş vermədiyini və öldürülən şəxsləri tanımadığını bildirib.

Həmin kompleksə iyunun 26-da qumbara atılması və iyul ayında Özeni hədəf alan təhqiramiz yazının polis tərəfindən götürülməsi də diqqət çəkib. Lakin hüquq-mühafizə orqanları bu hadisələrlə son hücum arasında əlaqənin olduğunu təsdiqləməyib.

İstintaq davam edir

Hamburq Prokurorluğu hadisənin arxasında cinayətkar qruplaşma daxilindəki münaqişənin dayana biləcəyinə dair əlamətlərin olduğunu açıqlayıb.

Bununla belə, hadisənin “mafiyalararası hesablaşma” olması barədə iddialar hələlik rəsmən təsdiqlənməyib.

İstintaqı Hamburq Cinayət İşləri üzrə Dövlət İdarəsinin (LKA 41) və mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları prokurorluqla birgə aparır. Hücumda şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir