ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra danışıqların nəticələrinə münasibət bildirib.
Kuşner müharibənin sona çatdırılması istiqamətində irəliləyiş əldə ediləcəyinə ümid etdiklərini deyib.
“Ümidliyik. Prezident Trampın məqsədi yalnız müharibəni necə bitirəcəyimizi müəyyənləşdirmək deyil, uzunmüddətli və davamlı sülh üçün düzgün şərait və razılaşmalar yaratmaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, Kuşner və ABŞ-ın digər xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 6-da Kiyevdə Zelenski ilə görüşüb. Bu, onların Tramp administrasiyasının nümayəndələri kimi Ukraynaya ilk səfəri olub.
Bundan əvvəl ABŞ rəsmiləri Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən danışıqlar aparıblar. Görüşlərin əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh prosesinin irəlilədilməsi olub.

