Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) üçün hədlər müəyyən edilib.
Xəbər Yerində xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Yeni qaydalara əsasən, hədlər aşağıdakı kimi müəyyənləşdirilib:
- Heyvandarlıq müəssisələri: layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti olduqda. Hesablamada 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların hər biri isə 1 baş iribuynuzlu heyvana bərabər tutulur.
- Quşçuluq müəssisələri: 40 000 baş toyuq ekvivalenti olduqda. Bu zaman 1 dəvəquşu 25 toyuğa, 1 hinduşka və ya qaz 5 toyuğa, 8 bildirçin isə 1 toyuğa bərabər hesablanır. İnkubasiya mərhələsində olan quşlar bu hesablamaya daxil edilmir.
- Balıqçılıq təsərrüfatları: akvakultura da daxil olmaqla, illik məhsul həcmi 500 ton olduqda.
Aqroparklar da ƏMTQ-yə cəlb ediləcək
Dəyişikliyə əsasən, aqroparklar qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya onlardan yüksək göstəricilərə malik olduqda ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb ediləcək.

