Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.
Hikmət Hacıyev bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən və Azərbaycanla ABŞ arasında birbaşa təmaslar qurulduqdan sonra Bakı sülhə sadiqliyini bir daha təsdiqləyib.
“Donald Tramp hakimiyyətə gələndə və biz onlarla birbaşa təmas qurduqda, sülhə olan sadiqliyimizi bir daha təkrarladıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, həmin vaxtdan etibarən ABŞ tərəfindən daha güclü qarşılıqlı münasibət müşahidə olunub.
“Sülh gündəliyinizi dəstəkləyirik, nə lazımdırsa bizə bildirin”, – deyə ABŞ tərəfindən bildirildiyini qeyd edən Hikmət Hacıyev Azərbaycanın da ABŞ-nin siyasi nüfuzuna və daha güclü dəstəyinə ehtiyac duyduğunu ifadə edib.
“Bu prinsiplər əsasında prosesə başladıq və zənnimcə, Prezident Tramp öz siyasi nüfuzunu bu prosesə qoydu”, – Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev Azərbaycanın yaşıl enerji gündəliyindən danışdı
Hikmət Hacıyev Azərbaycanın yaşıl gündəliyi barədə də danışıb.
O bildirib ki, Azərbaycan iqlim diplomatiyasını tam dəstəkləyir. Onun sözlərinə görə, karbohidrogen ixracatçısı olan Azərbaycan eyni zamanda yaşıl enerji transformasiyasını fəal şəkildə həyata keçirir və yaşıl texnologiyaya əsaslanan elektrik enerjisi ixracatçısına çevrilir.
Prezidentin köməkçisi qeyd edib ki, Mərkəzi Asiyanın potensialı Azərbaycanın imkanları ilə birləşdirilərək elektrik enerjisinin Avropa qitəsinə çatdırılması istiqamətində iş aparılır.
Onun sözlərinə görə, Avropa rəqəmsal transformasiya və süni intellektin inkişafı məqsədlərini müəyyənləşdirib. Lakin bu sahələrin inkişafı böyük həcmdə elektrik enerjisi tələb edir və Avropanın bu enerjinin hamısını özü istehsal etməsi mümkün deyil.
“Bu baxımdan Xəzər regionu Şimal dənizi ilə rəqabət apara biləcək gücdədir”, – deyə Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, burada söhbət daha çox rəqabətdən deyil, bir-birini tamamlayaraq Avropa bazarına zəruri əlavə enerji resurslarının çatdırılmasından gedir.
Hikmət Hacıyev karbohidrogenlərin də enerji təhlükəsizliyində rolunu vurğulayıb:
“Lakin yaşıl fanatizmi bir kənara qoysaq, karbohidrogenlər olmadan tam enerji təhlükəsizliyini təmin etmək mümkün deyil”.
O bildirib ki, Azərbaycan ümumavropa enerji tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.
Qeyd olunub ki, Avropa qitəsində 16 ölkə, o cümlədən Avropa İttifaqının 10 üzv ölkəsi Azərbaycandan qaz idxal edir.
“Biz bu gündəliyi genişləndirməyi səbirsizliklə gözləyirik”, – deyə Hikmət Hacıyev bildirib.

