Xəbər Yerində xəbər verir ki, Gəncəsər Monastır Kompleksində nümayiş etdirilən kitablarla bağlı məsələ Ermənistan parlamentində müzakirəyə çıxarılıb.
Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinin ikinci günündə Ağdərə rayonundakı Gəncəsər Monastırına baxış keçirilib. Səfər zamanı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev monastırda nümayiş etdirilən və ermənilər tərəfindən qədim kitablar kimi təqdim olunan nümunələrə diqqət çəkib.
Hacıyev həmin kitablardan birində yalnız bir səhifədə mətn və təsvir olduğunu, digər səhifələrin isə boş qaldığını göstərib.
Məsələ Ermənistan parlamentində də gündəmə gəlib. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan parlament spikerindən bununla bağlı açıqlama tələb edib.
Parlamentin spikeri Ruben Rubinyan isə məsələyə münasibət bildirərkən hazırda Azərbaycanla Ermənistan arasında sülh vəziyyətinin olduğunu deyib.
“Yaxşı tərəfi odur ki, biz hazırda sülh vəziyyətindəyik. Fikir ayrılıqlarımız və ya mübahisələrimiz sərhəd atışmalarında və ya toqquşmalarda yox, bu cür məsələlərdədir”, – deyə Rubinyan bildirib.

