Hindistanın cənubunda yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində azı 14 nəfər həyatını itirib, minlərlə sakin isə təhlükəsiz ərazilərə təxliyə olunub.
Reuters agentliyinin məlumatına görə, Kerala ştatında leysan yağışları və daşqınlar nəticəsində azı 11 nəfər ölüb. Ştat rəsmilərinin bildirdiyinə əsasən, təxminən 7 700 nəfər təxliyə edilərək 275 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib.
Kerala ştatının baş naziri V.D. Satheesan bazar ertəsindən etibarən rayon rəhbərləri ilə görüşərək sığınacaq mərkəzlərindəki vəziyyəti müzakirə edəcəyini bildirib. O, daşqından zərər çəkmiş ərazilərdə təmizləmə işlərinə artıq başlanıldığını da qeyd edib.
Ştatın Fövqəladə Halların İdarəetmə Təşkilatı bəzi bölgələrdə güclü külək və mülayim yağıntının davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Əlverişsiz hava şəraiti səbəbindən Kerala ştatında bir sıra məktəblərdə dərslər dayandırılıb, müəllimlərin işə qəbulu üzrə ştat səviyyəli imtahan isə təxirə salınıb.
Qonşu Karnataka ştatında isə intensiv yağışların törətdiyi torpaq sürüşməsi nəticəsində bir ailənin üç üzvü – ər, həyat yoldaşı və övladı həyatını itirib. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.

