Hovuz və dənizdən keçən infeksiyalar: Həkimdən vacib xəbərdarlıq

Hovuz və dənizdən keçən infeksiyalar: Həkimdən vacib xəbərdarlıq

Yay aylarında minlərlə insan sərinləmək üçün hovuz və dənizlərə üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena qaydalarına əməl edilmədikdə bu məkanlar müxtəlif bakterial, virus və göbələk mənşəli infeksiyaların yayılması üçün əlverişli mühitə çevrilə bilər.

Hansı əlamətlər təhlükədən xəbər verir?

Son günlər uşaqlarda

  • ishal
  • yüksək hərarət
  • qusma

şikayətləri ilə tibb müəssisələrinə müraciətlərin artdığı müşahidə olunur. Bir çox hallarda ev şəraitində aparılan ilkin müalicə kifayət etmir və azyaşlıların vəziyyətinin stabilləşdirilməsi üçün onların stasionar müalicəyə cəlb olunmasına ehtiyac yaranır. Bu vəziyyət hovuz və dəniz mövsümündə yayılan infeksiyalarla bağlı narahatlıqları da yenidən gündəmə gətirib.

Bəs hovuz və dənizdən hansı xəstəliklər keçə bilər, onlardan necə qorunmaq olar?

Mövzu ilə bağlı tanınmış pediatr Elşən Tağıyev Xeberyerinde-nin suallarını cavablandırıb.


Pediatr bildirib ki, yay mövsümündə hovuz və dənizdən istifadə zamanı bəzi infeksiyalara yoluxma riski artır. Onun sözlərinə görə, suyun təmiz görünməsi hər zaman təhlükəsiz olduğu anlamına gəlmir.
“Hətta xlorlanmış hovuzlarda belə bəzi mikroorqanizmlər yaşaya bilir. Məsələn, kriptosporidium xlora qarşı kifayət qədər davamlıdır və hovuzlarda ishalın ən çox rast gəlinən səbəblərindən hesab olunur. Uşaqlar adətən hovuz suyunu udduqları zaman bu parazitə yoluxa bilirlər.

Bundan başqa, adenovirusenterovirus infeksiyaları

  • gözdə qızartı
  • boğaz ağrısı
  • yüksək hərarət
  • mədə-bağırsaq pozğunluqları

ilə özünü göstərə bilər. Az xlorlanmış və isti hovuzlarda isə Pseudomonas aeruginosa bakteriyası sürətlə çoxalaraq dəridə qaşınan səpgilər, yəni ‘hovuz dermatiti’ yarada bilir.
Yay aylarında tez-tez rast gəlinən problemlərdən biri də ‘üzgüçü qulağı’ kimi tanınan xarici qulaq iltihabıdır. Bu xəstəlik qulaq kanalında uzun müddət qalan nəm mühit səbəbindən bakteriyaların çoxalması nəticəsində inkişaf edir.
Dəniz suyuna gəlincə isə, xüsusilə güclü yağışlardan sonrakı ilk 24–48 saat ərzində, eləcə də limanlara və çay mənsəblərinə yaxın ərazilərdə bakterial çirklənmə riski daha yüksək olur”, – deyə həkim bildirib.

Valideynlər nələrə diqqət etməlidir?

Mütəxəssis valideynlərə uşaqların hovuz və ya dəniz suyunu udmamasına nəzarət etməyi, çimərlikdən sonra onları mütləq təmiz su ilə yuyundurmağı və qulaqlarını yaxşı qurulamağı tövsiyə edib. Onun sözlərinə görə, açıq yara və ya dəri infeksiyası olan uşaqların hovuza və ya dənizə girməsi məsləhət görülmür.
Həkim vurğulayıb ki, çimərlikdən sonra ishal, yüksək hərarət, qusma, gözdə qızartı, qulaq ağrısı və ya dəridə səpgilər kimi əlamətlər 1–2 gündən artıq davam edərsə, mütləq həkimə müraciət edilməlidir.

İnfeksiyalardan necə qorunmaq olar?

“Su əyləncəsi uşaqların yay istirahətinin vacib hissəsidir. Gigiyena qaydalarına riayət edildiyi və təhlükəsizlik tədbirləri görüldüyü halda bu risklərin böyük əksəriyyətinin qarşısını almaq mümkündür”, – deyə pediatr əlavə edib.
Bundan başqa, çimməzdən əvvəl və sonra duş qəbul etmək, üzgüçülük eynəyi və qulaq tıxacından istifadə etmək (tez-tez qulaq və göz infeksiyası keçirən uşaqlarda), yaş çimərlik geyimini uzun müddət əynində saxlamamaq, çimərlikdən sonra bol maye qəbul etmək uşaqları virus və infeksiyalardan qorumağa kömək edir.

Valideynlər bilməlidirlər ki, infeksiyaların hamısı hovuzdan və ya dənizdən keçmir. Yay aylarında

  • qidaların tez xarab olması
  • çirkli əllər
  • yaxşı yuyulmayan meyvə-tərəvəz
  • virusların insandan-insana yayılması

da ishal və qusma hallarının artmasına səbəb olur. Buna görə hər bir xəstəliyi yalnız hovuz və ya dənizlə əlaqələndirmək düzgün deyil.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir