İlham Əliyev: “Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə”
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın silahları öz vəsaiti hesabına əldə etdiyini bildirib.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı danışıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın müharibə zamanı heç kimdən kömək almadığını və əldə etdiyi bütün silahları pulla aldığını bildirib.
“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər”, – deyə Prezident vurğulayıb.
Dövlət başçısı bildirib ki, 2003-cü ildən etibarən Azərbaycan həm yerli müdafiə sənayesini yaradıb, həm də xaricdən silah alıb.
“Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, – deyə İlham Əliyev əlavə edib.

