“Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.
Xəbər Yerində xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici siyasəti elə qurulmalıdır ki, heç kim ölkənin işinə müdaxilə edə bilməsin.
“Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil”, – deyə Prezident vurğulayıb.
YAP-ın VIII Qurultayı keçirilir
Qeyd edək ki, YAP-ın VIII Qurultayı Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib.
Qurultaya partiyanın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.
VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək YAP-ın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.
Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.

