İlham Əliyev “John Deere” rəhbərliyi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib.
Xeberyerinde “Report”a istinadən xəbər verir ki, görüşdə “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zaksen iştirak ediblər.
Söhbət zamanı Prezident İlham Əliyevin Çaba Leyko ilə ötən il Bakıda keçirilən görüşü məmnunluqla xatırlanıb. Qonaqlar Azərbaycanda həyata keçirilən inkişaf layihələrinin və əldə olunan nailiyyətlərin onlarda müsbət təəssürat yaratdığını qeyd ediblər.
Çaba Leyko “John Deere”nin Azərbaycandakı fəaliyyətindən danışaraq ölkə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud imkanları, müasir texnologiyaların tətbiqi və aqrar sektorun inkişafı istiqamətində görülən işlər müzakirə olunub. Həmçinin bu sahə üzrə qəbul edilən yeni Dövlət Proqramının əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan ilə “John Deere” arasında gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, kənd təsərrüfatının müxtəlif istiqamətlərində əlaqələrin artırılması üçün geniş imkanların olduğunu bildiriblər.
Qeyd edək ki, 1837-ci ildə ABŞ-də yaradılan “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik texnikalarının istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Şirkətin 30-dan çox ölkədə istehsal müəssisələri və nümayəndəlikləri fəaliyyət göstərir.




