Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Xeberyerinde xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Rəsmi mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsinin qarşısından keçid olub və dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra İlham Əliyev və Sadır Japarov arasında təkbətək görüş keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası baş tutub.
İclasın yekununda dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
Bununla yanaşı, iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika, kibertəhlükəsizlik, statistika, maliyyə bazarlarının tənzimlənməsi, şəhərlərin qardaşlaşması, yükdaşımaları, gəmiçilik, neft məhsullarının tədarükü və digər sahələri əhatə edən çoxsaylı saziş, memorandum və yol xəritələrinin mübadiləsi mərasimi keçirilib.
İmzalanan sənədlər arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti, beynəlxalq avtomobil daşımaları, enerji əməkdaşlığı, 2026–2028-ci illəri əhatə edən energetika üzrə Yol Xəritəsi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma memorandumları da yer alıb.
Həmçinin “AzerGold” QSC ilə Qırğızıstanın “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.




