Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Daşkənddə mətbuata bəyanatlarla çıxış ediblər.
Şavkat Mirziyoyev: “Əbədi dostluq haqqında Müqavilə imzaladıq”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısını və nümayəndə heyətini qardaş ölkədə salamlamaqdan məmnunluğunu ifadə edib.
O, İlham Əliyevin Özbəkistana səfərini tarixi hadisə adlandıraraq iki ölkə arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanmasını xüsusi qeyd edib.
Mirziyoyev bildirib ki, Azərbaycan Özbəkistanın etibarlı müttəfiqi və strateji tərəfdaşıdır. Onun sözlərinə görə, münasibətlərin əsasını ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər təşkil edir.
Ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
Özbəkistan Prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu bildirib.
Tərəflər ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı konkret proqram qəbul ediblər. Sənaye, energetika, geologiya, kimya, tikinti, maliyyə və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirildiyi vurğulanıb.
Nəqliyyat sahəsində isə Trans-Xəzər dəhlizinin imkanlarının artırılması və Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işlərin sürətləndirilməsi nəzərdə tutulur.
Nizami Gəncəvi adına universitet və Azərbaycan parkı
Mirziyoyev qeyd edib ki, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışı keçiriləcək.
Bundan başqa, “Yeni Daşkənd” ərazisində Azərbaycan parkının tikintisinə başlanılacağı bildirilib.
Özbəkistan Prezidenti iki ölkənin ədəbi irsini birləşdirən Nizami Gəncəvi və Əlişir Nəvai haqqında birgə bədii filmin hazırlanmasının da planlaşdırıldığını açıqlayıb.
İlham Əliyev: “Bu gün tamamilə fərqli Özbəkistan görürük”
Azərbaycan Prezidenti İlham Əliyev dəvətə və göstərilən qonaqpərvərliyə görə həmkarına təşəkkür edib.
Dövlət başçısı Özbəkistanın son illərdə sürətli inkişaf etdiyini vurğulayıb. O, bu tərəqqinin ölkənin sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində də özünü göstərdiyini bildirib.
İlham Əliyev qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş geosiyasi və geoiqtisadi müstəvidə inkişaf edir.
Qarabağda Özbəkistanın layihələri
Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi vurğulayıb.
Bildirilib ki, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiya Özbəkistan tərəfindən həyata keçirilib.
Dövlət başçısı enerji, nəqliyyat, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, dağ-mədən və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib.
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dəvət edib
Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərin həm mənəvi, həm də iqtisadi baxımdan möhkəm təməl üzərində qurulduğunu bildirib.
Sonda İlham Əliyev Şavkat Mirziyoyevi münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət edib.

