Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Görüşdə dövlət başçısı ilə Məhəmməd Əbdülsalam arasında əvvəlki görüşlər məmnunluqla xatırlanıb, Azərbaycanla Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib.
Söhbət zamanı İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın beynəlxalq səviyyədə oynadığı roldan danışılıb. Bu çərçivədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşünün və gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb.
Ölkədə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi də qeyd olunub.
Görüşdə həmçinin Prezident İlham Əliyevin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xatırlanıb.
Məhəmməd Əbdülsalam söhbət zamanı həmin mükafatın sertifikatını Azərbaycan Prezidentinə təqdim edib.





