İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana ekstradisiya olunacaq

İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana ekstradisiya olunacaq

Beynəlxalq axtarışa verilən şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Xeberyerinde-nin Baş Prokurorluğundan aldığı məlumata görə, Baş Prokurorluğun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının aidiyyəti qurumlarına göndərdiyi ekstradisiya sorğusu və tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Pakistan vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana təhvil verilməsi barədə razılıq əldə edilib.

İstintaq materiallarına əsasən, onun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan şəxslərlə birlikdə xarici bank müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz əldə etdiyi müəyyən olunub.

Bildirilib ki, həmin vəsaitlər hesabına Bakıdakı mağazalardan onlayn şəkildə müxtəlif məhsullar alınıb, daha sonra bu mallar satılaraq pullar nağdlaşdırılıb. Həmçinin onun digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qasım Sohail Mohammad barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə qərarı qəbul olunub. İstintaqdan yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Böyük Britaniya ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyənləşdirilməsi və ölkəyə ekstradisiyası istiqamətində xarici tərəfdaşlarla, o cümlədən İnterpol ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir