İpoteka və Kredit Zəmanət Fondu 2026-cı ildə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Xəbər Yerində Operativ Media-ya istinadən xəbər verir ki, 2006-cı ildən indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib.
İpoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
İpoteka kreditlərinin verilməsi qaydası dəyişdirilib
İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin şəffaflığının artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədilə kreditlərin verilməsi qaydalarına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs də əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər.
İpoteka müraciətlərində SİMA rəqəmsal imzası tətbiq ediləcək
İpoteka kreditlərinə müraciət zamanı Fondun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyasının tətbiqi nəzərdə tutulur.
Yeni həll vasitəsilə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bu yenilik prosesin təhlükəsizliyinin və şəffaflığının təmin edilməsinə, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, kənar müdaxilə risklərinin və xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcək.
Müraciət qaydalarına dair təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.
Dəyişikliklər və yeniliklərlə bağlı əlavə sualları olan vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

