İranın Sistan və Bəlucistan əyalətinin Zəhədan şəhərində silahlı insident baş verib.
Xeber yerinde İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə Şəhid Məzari bulvarında yerləşən qəhvəxanaların birində qeydə alınıb.
İlkin məlumata əsasən, “Peugeot 405” markalı avtomobillə hadisə yerinə gələn silahlı şəxslər qəhvəxanaya daxil olaraq orada olan iki nəfərə atəş açıblar.
Güllə yarası alan şəxslərin hər ikisi hadisə yerində həyatını itirib.
Atəş açdıqdan sonra hücum edən şəxslər avtomobillə ərazidən uzaqlaşıblar. Hazırda onların müəyyən edilərək saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
İnsidentin hansı səbəbdən baş verdiyi və hücum edən şəxslərin kimliyi ilə bağlı araşdırma davam edir.

