İşçilər maaşlarını tələb edir, şirkət isə yarım milyonluq tenderdə qalib gəlir

İşçilər maaşlarını tələb edir, şirkət isə yarım milyonluq tenderdə qalib gəlir

Xəbər Yerində xəbər verir ki, Rikon MMC-nin əməkdaşlarının əməkhaqlarını ala bilməməsi ilə bağlı redaksiyaya şikayətlər daxil olub.

Müraciətlərdə şirkətin yüzlərlə əməkdaşının əməkhaqlarının ödənilmədiyi bildirilir. İddialara görə, bəzi işçilərə mart ayından əmək müqavilələrinə xitam verilən tarixədək hesablanan son haqq-hesab da verilməyib.

Ofisdə çalışan əməkdaşların isə fevral ayından işdən çıxarıldıqları tarixədək olan əməkhaqlarını almadıqları, digər sahələrdə çalışan işçilərin də mart ayından xitam verilən günə qədərki maaşlarının ödənilmədiyi qeyd olunur.

Şirkətin tenderləri ilə bağlı suallar

Aparılan araşdırma zamanı Rikon MMC-nin son iki il ərzində bir neçə milyon manatlıq tenderin qalibi olduğu da diqqətə çatdırılıb.

Bununla yanaşı, şirkətin dövlət büdcəsinə vergilər üzrə təxminən yarım milyon manat borcunun olduğu və bu səbəbdən etibarsız təchizatçı elan edildiyi iddia olunur. Bildirilir ki, şirkətin dövlət satınalmalarında iştirakına 2027-ci ilə qədər məhdudiyyət qoyulub.

Buna baxmayaraq, Rikon MMC-nin ötən ay – avqustun 3-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən elan olunan tenderdə qalib seçilməsi suallar doğurub.

Bağlanmış müqavilənin ümumi məbləğinin 5 494,65 manat olduğu bildirilir.

“Belə şirkət satınalmada iştirak edə bilməz”

Videoda çıxış edən ekspert etibarsız təchizatçı statusunda olan və vergi borcu bulunan şirkətlərin dövlət satınalmalarında iştirakının qanunvericiliklə qadağan edildiyini bildirib.

Onun sözlərinə görə, bəzi satınalmaların vahid dövlət satınalma portalından kənar həyata keçirilməsi belə halların yaranmasına səbəb ola bilər. Ekspert hesab edir ki, müqavilə portalda qeydiyyata alındıqdan sonra şirkətin etibarsız təchizatçı statusunda olması və vergi borcunun sistemdə görünməsi halında müqavilənin ləğv edilməsi gündəmə gələ bilər.

O, mövcud şərtlər daxilində belə satınalma müqaviləsinin bağlanmasının qanunvericiliyə zidd olduğunu bildirib.

Rikon MMC-yə müraciət edildi

Rikon MMC-nin rəhbər şəxsləri ilə əlaqə saxlanılaraq səsləndirilən iddialara münasibət öyrənilməyə çalışılıb.

Lakin şirkət rəhbərliyi ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir