İşçiyə nə zaman əlavə gəlir hesablanmalıdır? – Qanun nə deyir?

İşçiyə nə zaman əlavə gəlir hesablanmalıdır? – Qanun nə deyir?

Xəbər Yerində xəbər verir ki, iş yerində əməkdaşlardan birinin olmaması və ya hər hansı vəzifənin vakant qalması bəzi hallarda həmin şəxsin yerinə düşən işlərin digər əməkdaşa həvalə edilməsi ilə nəticələnir.

Belə vəziyyətdə isə işçinin qarşısında mühüm sual yaranır: əgər öz əmək funksiyalarından əlavə başqa vəzifənin də işlərini yerinə yetirirsə, buna görə ayrıca ödəniş edilməlidirmi?

İşçinin razılığı olmadan əlavə iş tapşırıla bilməz

Əmək Məcəlləsində bu məsələ ilə bağlı konkret tələblər müəyyənləşdirilib.

Qanunvericiliyə əsasən, iş yerində olmayan əməkdaşın əmək funksiyalarının başqa işçiyə həvalə edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilir.

Belə hal baş verdikdə həmin əməkdaşın əməyinin ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsində müəyyən olunan qaydalara uyğun həyata keçirilməlidir.

Əlavə vəzifəyə görə əməkhaqqı ödənilməlidir

Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi eyni vaxtda həm öz vəzifəsi üzrə əmək funksiyalarını, həm də əvəz etdiyi vakant vəzifənin işlərini yerinə yetirirsə, ona bunun müqabilində əlavə əməkhaqqı verilməlidir.

Qanunda nəzərdə tutulan əlavə ödəniş vakant vəzifə üçün müəyyən edilmiş əməkhaqqının ən azı 50 faizi qədər olmalıdır.

Məsələn, vakant vəzifənin əməkhaqqı 1000 manat təşkil edirsə və həmin vəzifənin işləri də digər əməkdaş tərəfindən onun əsas işi ilə yanaşı yerinə yetirilirsə, bu halda işçiyə əlavə olaraq ən azı 500 manat ödənilməlidir.

Vakant vəzifənin işi maksimum 3 ay həvalə edilə bilər

Əmək Məcəlləsində vakant vəzifə üzrə əmək funksiyasının başqa işçiyə həvalə olunması üçün müddət də müəyyən edilib.

Qanuna əsasən, vakant vəzifənin əmək funksiyası işçiyə 3 aydan çox olmayan müddətə həvalə edilə bilər.

Bu müddət başa çatdıqdan sonra isə bir neçə variant mümkündür.

İşçinin razılığı olduğu halda onun həmin vakant vəzifəyə keçirilməsi mümkündür. Digər variant iki vəzifənin birləşdirilməsi və bununla əlaqədar yeni əmək müqaviləsinin bağlanmasıdır. Həmçinin vakant vəzifəyə yeni əməkdaşın qəbul edilməsi də mümkündür.

Eyni xarakterli vəzifələr üzrə də əlavə ödəniş nəzərdə tutulur

Qanunvericilikdə başqa bir vəziyyət də ayrıca nəzərə alınıb.

Əgər vakant vəzifə üzrə görüləcək işlər işçinin hazırda çalışdığı vəzifənin əmək funksiyası ilə eyni xarakter daşıyırsa, həmin işçi əsas vəzifəsində qalmaqla vakant vəzifəyə də təyin edilə bilər.

Bu halda da işçiyə vakant vəzifə üzrə müəyyən edilmiş əməkhaqqının ən azı 50 faizi məbləğində əlavə ödəniş verilməlidir.

İşçinin həm razılığı, həm də əlavə ödəniş hüququ var

Beləliklə, Əmək Məcəlləsinin 61-ci maddəsində işçinin öz əsas əmək funksiyasından əlavə başqa vəzifənin işlərini yerinə yetirməsi ilə bağlı iki mühüm məqam nəzərdə tutulur.

Birincisi, belə əlavə əmək funksiyasının işçiyə həvalə edilməsi onun razılığı əsasında həyata keçirilməlidir.

İkincisi isə işçi əlavə əmək funksiyasını yerinə yetirdiyi halda bunun müqabilində əlavə əməkhaqqı almalıdır.

Yəni əməkdaş həm öz vəzifəsini, həm də vakant vəzifənin işlərini paralel şəkildə yerinə yetirirsə, qanunvericilikdə bunun üçün əlavə ödəniş nəzərdə tutulur.

Mənbə: Banker.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir