Fransa və İspaniyada nəzarətdən çıxan iri meşə yanğınları hər iki ölkədə genişmiqyaslı fəlakətə çevrilib. Alovun yaşayış məntəqələrinə doğru sürətlə yayılması səbəbindən 220 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Fransanın cənub-qərbindəki Jirond və Land bölgələrində başlayan yanğınlar nəticəsində təxminən 200 min nəfər təxliyə edilib. Alovun Bordo şəhərinə yaxınlaşması səbəbindən əlavə 60 min sakinin də bölgədən çıxarılmasına qərar verilib.
BBC-nin məlumatına görə, gecə saatlarında Saint-Médard-en-Jalles, Saint-Jean d’Illac, Martignas-sur-Jalles və Saint-Aubin-de-Médoc yaşayış məntəqələri tamamilə boşaldılıb.
Yerli hakimiyyət orqanlarının “XXL yanğın” adlandırdığı fəlakət nəticəsində 19 mindən çox hektar meşə sahəsi yanaraq külə dönüb, azı 80 ev yararsız vəziyyətə düşüb. Fransanın məşhur istirahət məkanlarından olan Kap Ferre yarımadasında qalan yüzlərlə insan isə qayıqlarla dəniz yolu ilə təxliyə olunub.
İspaniyada isə Madridin qərbində baş verən üç ayrı meşə yanğınının birləşməsi nəticəsində vəziyyət daha da ağırlaşıb. Hökumət ölkədə milli fövqəladə vəziyyət elan edib. Təxminən 25 min nəfərin təxliyəsinə göstəriş verilib, daha 40 min sakindən isə evlərini tərk etməmələri tələb olunub.
Madrid Muxtar Bölgəsinin rəhbəri İsabel Dias Ayuso yüksək temperatur, güclü külək və yanğınların birləşməsinin “mükəmməl fırtına” yaratdığını bildirərək bunun bölgə tarixinin ən ağır yanğını olduğunu deyib.
Madrid Fövqəladə Hallar Xidmətinin rəhbəri Karlos Novillo isə alovun artıq yanğınsöndürənlərin müdaxilə imkanlarını üstələdiyini bildirib:
“Hazırda alov pik həddə çatıb. Bu ərazilərdə yanğına birbaşa müdaxilə etmək mümkün deyil, yalnız müdafiə tədbirləri görə bilirik.”
Avila əyalətindəki Burqohondo bölgəsində baş verən yanğının Madrid istiqamətindəki alovla birləşəcəyi ehtimal edilir. Yerli rəsmilərin sözlərinə görə, güclü külək səbəbindən köz parçaları kilometrlərlə uzağa daşınır, alov isə 20 kilometrlik məsafəni yarım saatdan da az müddətdə qət edib.
Vilamanta qəsəbəsinin sakini, 86 yaşlı Ekologio Kabrera yaşadığı dəhşəti belə təsvir edib:
“Qaçmasanız, yanğın sizi udacaq. Yanğınsöndürənlər gəlib hamıya dərhal ərazini tərk etməyi tapşırdı. Ömrümdə belə bir mənzərə görməmişdim.”
Avropa İttifaqı yanğınlarla mübarizə üçün əlavə təyyarə və helikopterlər göndərib. Bu arada İtaliyada da, xüsusilə Siciliyada, meşə yanğınları qeydə alınıb və yanğınsöndürənlərdən biri həyatını itirib.
Mütəxəssislər bildirirlər ki, Cənubi Avropada müşahidə olunan rekord istilər və uzunmüddətli quraqlıq meşə yanğınlarının sürətlə yayılmasına şərait yaradır. Copernicus İqlim Dəyişikliyi Xidməti qeyd edir ki, Avropa 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfədən çox sürətlə istiləşən qitəyə çevrilib.
Avropa Meşə Yanğınları Məlumat Sisteminin məlumatına görə, 2026-cı ildə meşə yanğınlarının məhv etdiyi ərazi artıq son 20 ilin illik orta göstəricisini geridə qoyub. Bu isə cari ilin Avropa üçün ən ağır yanğın mövsümlərindən biri olduğunu göstərir.

