İstanbulda güclü yağış nəticəsində sel sularına qapılaraq sürüklənən avtomobillərin son vəziyyəti açıqlanıb.
Xəbər Yerində xəbər verir ki, Türkiyənin “Sözcü” qəzetinin məlumatına görə, İstanbulun Sarıyer rayonunun Ayazağa məhəlləsində sel nəticəsində zərər görən təxminən 40 avtomobil evakuatorlarla dayanacağa aparılıb.
Məlumata əsasən, avtomobillər Sarıyer Bələdiyyəsinə məxsus Maslak dayanacağında yerləşdirilib. Sel sularının sürüklədiyi avtomobillərin bir çoxunun ciddi zərər gördüyü bildirilir.
Avtomobillərin qapılarını aça bilmədilər
Avtomobillərindəki şəxsi əşyaları götürmək üçün dayanacağa gələn bəzi vətəndaşlar çətinliklə üzləşiblər. Sel nəticəsində avtomobillərin qapıları açılmadığından onların bir qismi əşyalarını götürə bilmədən ərazini tərk etmək məcburiyyətində qalıb.
Hadisədən sonra zərər çəkmiş avtomobillərin olduğu dayanacaq dron vasitəsilə havadan görüntülənib.
Çaydan çıxarılan avtomobillərdən biri itkin şəxsin olub
Türkiyə mətbuatının məlumatına görə, oktyabrın 14-də İstanbulda baş verən güclü yağışdan sonra Kağıthane çayının daşması nəticəsində avtomobillər sel sularına qapılıb.
Oktyabrın 16-da çayda aşkarlanan iki avtomobil kran vasitəsilə sudan çıxarılıb. Onlardan birinin 63 yaşlı Ahmet Derinə məxsus olduğu müəyyən edilib. Avtomobilin salonunda heç kimin olmadığı, açarın alışdırma yerində, şəxsi əşyaların isə avtomobildə qaldığı bildirilib.
İtkin düşən Ahmet Derinin axtarışları davam etdirilib.

