Valideynlərdən birinin məcburi köçkün statusunun olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi son günlər müzakirələrə səbəb olub. Bu hal sosial ödəniş hüququ ilə yanaşı, ailə üzvlərinin statusunun şəxsin sosial təminatına təsiri və hüquqi bərabərlik məsələlərini də gündəmə gətirib.
Bəs valideynlərdən birinin məcburi köçkün statusuna malik olmaması müavinətin təyin edilməməsi üçün hüquqi əsas sayıla bilərmi?
Deputat məsələyə aydınlıq gətirdi
Xəbəryerinde xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bunun qanunvericilikdə nəzərdə tutulan müddəalar çərçivəsində həyata keçirildiyini bildirib.
Deputatın sözlərinə görə, məcburi köçkün statusunun müəyyən şəxslərdə saxlanılması, digərlərində isə köçürülmədən sonra dayandırılması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Fazil Mustafa qeyd edib ki, məcburi köçkün statusunun müddətsiz şəkildə qorunması nəzərdə tutulmayıb:
“Əbədi məcburi köçkünlük anlayışı yoxdur. Torpaqlar azad olunduqdan və insanlar öz evlərinə köçərək orada məskunlaşdıqdan sonra onların statusu hüquqi baxımdan yenidən qiymətləndirilməlidir”.
Statusların müəyyənləşdirilməsi prosesi
Deputatın sözlərinə görə, ərazilərə köçürülmə prosesi davam etdikcə şəxslərin məcburi köçkün statusunun gələcək taleyi də ayrıca müəyyənləşdirilməlidir.
O bildirib ki, bu istiqamətdə artıq aidiyyəti qurumlar tərəfindən müəyyən addımlar atılır. Qarşıdakı dövrdə məcburi köçkün statusunun hansı hallarda saxlanılacağı, hansı hallarda isə ləğv ediləcəyi ilə bağlı müvafiq proseslərin davam etdirilməsi gözlənilir.
Fazil Mustafa vurğulayıb ki, bütün bu məsələlər mövcud qanunvericilik çərçivəsində tənzimlənir.
mənbə: Azxəbər

