Leyla Əliyeva və Arzu Əliyev retro avtomobillərin sərgisində – FOTO

Leyla Əliyeva və Arzu Əliyev retro avtomobillərin sərgisində – FOTO

Bakıda retro avtomobillər şəhər küçələrindən keçdi – FOTO

Bakıda klassik avtomobillərin iştirakı ilə ənənəvi sərgi və yürüş təşkil olunub.

“Xəbər Yerində” Apa-ya istinadən xəbər verir ki, tədbir Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilib. Sərgi və yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, AAF prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, eləcə də digər tanınmış şəxslər və paytaxt sakinləri iştirak ediblər.

Tədbirin ilk hissəsində Dənizkənarı Milli Parkda müxtəlif illərdə istehsal edilmiş retro avtomobillər nümayiş etdirilib. Sərgidə 1986-cı ilədək istehsal olunan 100-dən çox klassik avtomobil yer alıb.

Nümayiş olunan nəqliyyat vasitələri arasında tədbirə xüsusi olaraq qeydiyyatdan keçən avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasından olan bəzi nümunələr də olub.

Daha sonra klassik avtomobillər paytaxtın əsas küçə və prospektləri ilə hərəkət edərək yürüş keçiriblər. Yürüş “Sea Breeze” ərazisində yekunlaşıb. Buradakı “Marina Bay”də avtomobillərin növbəti sərgisi təşkil olunub.

Tədbirdə nümayiş etdirilən avtomobillər arasında sahibləri üçün xüsusi xatirə və mənəvi dəyər daşıyan modellər də olub.

Sərgi iştirakçılarından Nuhbala Dadaşov 1967-ci il istehsalı “Volqa QAZ-21” avtomobilinin ailəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, avtomobil həmin il atası tərəfindən Saratovdan Azərbaycana gətirilib.

N.Dadaşov qeyd edib ki, atasının vəfatından sonra avtomobil ailə üçün onun xatirəsini yaşadan əşyalardan birinə çevrilib. O, bu nəqliyyat vasitəsi ilə müxtəlif tədbirlərdə və sərgilərdə iştirak etdiyini də bildirib.

Retro avtomobilin şəhər sakinlərinin də diqqətini çəkdiyini deyən N.Dadaşov sərgi zamanı çoxsaylı insanların avtomobilin qarşısında foto çəkdirdiyini vurğulayıb.

Sərgini ziyarət edənlər arasında retro avtomobillərə xüsusi maraq göstərənlər də olub. Ziyarətçi Fidan Əfəndi klassik avtomobilləri sevdiyini, xüsusilə köhnə “Mercedes” modellərinə üstünlük verdiyini bildirib.

Tədbirin iştirakçılarından Röyanə Seyfəli isə 1986-cı il istehsalı “Mercedes-Benz W126” S-Class modeli ilə sərgidə ilk dəfə iştirak etdiyini deyib. O, avtomobili xüsusi kolleksiya məqsədilə əldə etmədiyini, lakin xatirə olaraq qoruduğunu bildirib.

Sərginin sonunda yürüşdə iştirak edən avtomobillər müxtəlif nominasiyalar üzrə qiymətləndirilib və qaliblər mükafatlandırılıb.

Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə müəyyənləşdirilib.

Gecə isə tədbir iştirakçıları üçün musiqi proqramı təqdim olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir