2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb.
Xeberyerinde APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, şagirdlər qəbul nəticələrini sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən öyrənə bilərlər.
Qəbul olunan şagirdlərin sənədlərinin qəbulu avqust ayının ilk yarısında həyata keçiriləcək.
Məlumata görə, lisey və gimnaziyaların keçid balları da elan olunub. Ən yüksək keçid balı Rəqəmsal Biliklər Liseyində qeydə alınıb. Belə ki, həmin lisey üzrə keçid balı 54,13 təşkil edib.
Həmçinin Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçid balı 43,13, Kimya və biologiya təmayüllü respublika liseyində 36,5, Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyində isə 35,38 olub.
Qeyd edilib ki, yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün elektron sistemdə avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərində yerləşən “Sorğularım” bölməsi vasitəsilə müraciətlərin icra vəziyyətini izləyə biləcəklər.
Lisey və gimnaziyaların tam keçid balları siyahısı təqdim olunur.

