Bu gün dünya elminə mühüm töhfələr vermiş, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatının ildönümüdür.
Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. İlk təhsilini paytaxtdakı 16 nömrəli məktəbdə alan alim 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçüb. Orta təhsilini Tehranda başa vurduqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsində təhsil alıb.
1944-cü ildən ABŞ-də yaşamağa başlayan Lütfi Zadə Massaçusets Texnologiya İnstitutu və Kolumbiya Universitetində elmi fəaliyyətini davam etdirib. 1959-cu ildən Kaliforniya Universitetinin Berkli kampusunda çalışan alim burada elektrik mühəndisliyi və kompüter elmləri sahəsində mühüm tədqiqatlara rəhbərlik edib.
Lütfi Zadəyə dünya şöhrəti qazandıran əsas elmi nailiyyət isə 1965-ci ildə irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi olub. Bu yanaşma ənənəvi “doğru və ya yanlış” məntiqindən fərqli olaraq qeyri-müəyyən vəziyyətləri də riyazi şəkildə modelləşdirməyə imkan verib. Nəzəriyyədən məişət texnikasından avtomobil və qatar idarəetmə sistemlərinədək müxtəlif sahələrdə istifadə olunub.
Alim bununla yanaşı, idarəetmə sistemləri, süni intellekt və informasiya texnologiyaları ilə bağlı bir sıra fundamental nəzəriyyələrin müəllifidir. Onun elmi irsi dünyanın müxtəlif ölkələrində araşdırılıb və texnologiyaların inkişafına ciddi təsir göstərib.
Lütfi Zadənin xidmətləri Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. O, 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. 2021-ci ildə isə Prezidentin sərəncamı ilə görkəmli alimin 100 illik yubileyi ölkə səviyyəsində qeyd edilib.
Lütfi Zadə 1989-cu ildə Yaponiyanın elm və texnologiya sahəsində nüfuzlu Honda mükafatına layiq görülüb. O, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü olub, dünyanın bir sıra elmi qurumlarının fəxri doktoru və üzvü seçilib.
Dünyaşöhrətli alim sonuncu dəfə 2008-ci ildə Bakıya səfər edib. Səfəri zamanı AMEA-da keçirilən tədbirdə iştirak edən Lütfi Zadəyə elmi fəaliyyətinə görə fəxri diplom təqdim olunub.
Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-nin Kaliforniya ştatında 96 yaşında vəfat edib. Alimin vəsiyyətinə əsasən, nəşi Azərbaycana gətirilib və Fəxri xiyabanda torpağa tapşırılıb.
Lütfi Zadənin adı bu gün də dünya elmi tarixində mühüm yer tutur. Onun yaratdığı nəzəriyyə süni intellekt və müasir texnologiyaların inkişafında istifadə olunan fundamental elmi istiqamətlərdən biri olaraq qalır.

