Məşhur amerikalı aktrisa Selma Bleyer Los-Ancelesdən Nyu-Yorka uçan təyyarədə baş verən insidentdən sonra saxlanılıb. O, təyyarənin qapısını açmağa cəhd etməkdə, bir stüardessanı yumruqlamaqda və digərini dişləməkdə ittiham olunur.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarədə baş verib.
Təyyarədə qarışıqlıq yaradıb
Məlumata görə, 54 yaşlı aktrisa uçuş zamanı qarışıqlıq yaradaraq təyyarənin qapısını açmağa çalışıb. İddialara əsasən, ona müdaxilə edən ekipaj üzvlərindən birinə yumruq vurub, digərini isə dişləyib.
Təyyarə Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına endikdən sonra hadisə yerinə polis çağırılıb. Rəsmilərin bildirdiyinə görə, iki stüardessa xəsarət alıb, onlardan biri əlavə müayinə üçün xəstəxanaya aparılıb.
Aktrisa da saxlanıldıqdan sonra tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Nümayəndəsi hadisənin səbəbini açıqlayıb
Selma Bleyerin nümayəndəsi insidentin təcili tibbi vəziyyətlə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, təyyarə eniş etdikdən sonra aktrisaya dərhal tibbi yardım göstərilib və onun vəziyyəti stabil olub.
“Delta Air Lines” şirkəti sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin prioritet olduğunu, qayda pozuntularına qarşı dözümlülük göstərilmədiyini açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) da hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Aktrisa daha əvvəl də təyyarədə insidentlə gündəmə gəlib
Qeyd edək ki, Selma Bleyer 2016-cı ildə Meksikanın Kankun şəhərindən Los-Ancelesə uçan təyyarədə baş verən hadisə ilə də diqqət çəkmişdi.
Həmin vaxt aktrisa üzr istəyərək spirtli içki və dərman qəbulunun huşunu itirməsinə, eləcə də davranışlarına nəzarəti itirməsinə səbəb olduğunu bildirmişdi.
2018-ci ildə aktrisaya dağınıq skleroz diaqnozu qoyulub. Hazırkı insidentin dəqiq səbəbi isə hələlik açıqlanmayıb.



