“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı Vahab Ramazan oğlu Quliyev PUA hücumu nəticəsində həlak olub.
İki dəfə yaralanıb, yenidən döyüşlərə qayıdıb
Lənkəran rayonunun Separadi kəndindən olan, 1968-ci il təvəllüdlü Vahab Quliyev müharibə başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Xidmət etdiyi müddətdə iki dəfə yaralanan V.Quliyev aldığı xəsarətlər səbəbilə müalicə olunub. Müalicəsindən sonra yenidən hərbi xidmətə qayıdaraq ixtisası üzrə döyüşlərdə iştirak edib.
Kupyansk istiqamətində həlak olub
Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfə məxsus PUA-nın endirdiyi zərbə nəticəsində Vahab Quliyev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Tibb elmləri namizədi olub
Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub.
O, 1993-1994-cü illərdə dissertasiya üzərində çalışıb və Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi adını alıb.
“Nənələr” folklor klubunun üzvünün oğludur
Qeyd edək ki, Vahab Quliyev məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.
O, 30 ildən artıqdır Ukraynada yaşayırdı.
Hazırda Vahab Quliyevin nəşinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün müvafiq tədbirlər görülür.

