Xəbər Yerində xəbər verir ki, yeni tədris ilinin ilk günündə məktəblərdən birində çəkilən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Görüntülərdə məktəbli formasında olan bir neçə şagirdin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür. Şagirdlərdən birinin dərs zamanı sosial şəbəkədə canlı yayım açdığı da kadrlarda əks olunub.
Videonun Bakıdakı 264 nömrəli tam orta məktəbdə çəkildiyi müəyyənləşib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, XI sinif şagirdlərinin sinif otağında qaydalara uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır.
Araşdırma çərçivəsində şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Onların valideynləri də məktəbə dəvət olunaraq övladlarının davranışlarına daha ciddi nəzarət etmələri tövsiyə edilib.
BŞTİ-dən qeyd olunub ki, məktəbdə sağlam təlim mühitinin qorunması və şagird davranış qaydalarına əməl olunması diqqətdə saxlanılır. Təhsil prosesinə uyğun olmayan halların qarşısının alınması üçün maarifləndirmə tədbirləri də gücləndirilib.
Məsələ ilə bağlı polis tərəfindən də araşdırma aparılır.
Mənbə: Qafqazinfo

