Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, müsəlman dini idarə rəhbərləri və digər nümayəndə heyətlərini qəbul edib.
Xəbər Yerində xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin çıxışı zamanı Türk dünyası və İslam həmrəyliyinin əhəmiyyəti, Qarabağda aparılan quruculuq işləri və Ermənistanla sülh prosesi barədə fikirlər səsləndirilib.
İlham Əliyev bildirib ki, Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm birləşdirici rol oynayır. Prezident müsəlman dini liderlərin sülh, əməkdaşlıq və əmin-amanlığa çağırışlarının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı Qarabağdakı işğal dövrünün ağır nəticələrindən də danışıb. O qeyd edib ki, Azərbaycan xalqı 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Prezident bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Onun sözlərinə görə, artıq 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır.
İlham Əliyev Ermənistanla münasibətlərə toxunaraq Azərbaycanın müharibədən sonra sülh yolunu seçdiyini deyib. O vurğulayıb ki, Azərbaycan müharibədə qalib gəlsə də, sülh gündəliyini üstün tutub.
Prezident həmçinin Türk dünyasının, Qafqazın və İslam ölkələrinin birliyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, xalqlar və dövlətlər birgə hərəkət etdikdə heç bir qüvvə onlara qarşı ədalətsizlik edə bilməz.
Görüş zamanı gələn il Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyi də xatırladılıb.




























