Sentyabrın 8-də Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin 200 milyon manatlıq kuponlu ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərracda sifarişlərin qəbulu saat 10:00-dan 11:00-dək aparılacaq. İstiqrazların nominal dəyəri 100 manat, tədavül müddəti isə 1080 gün təşkil edir.
Qiymətli kağızlar üzrə illik kupon gəlirliliyi 7 faiz müəyyənləşdirilib. Kupon ödənişləri hər altı aydan bir həyata keçiriləcək. İlk ödəniş 8 mart 2027-ci ildə, sonuncu ödəniş isə 8 sentyabr 2029-cu ildə nəzərdə tutulub. Əsas məbləğ də həmin tarixdə ödəniləcək.
Hərracın ilkin yerləşdirmə həcmi 200 milyon manatdır. Qeyri-rəqabətli sifarişlərin ümumi həcmi isə buraxılışın 20 faizindən, yəni 40 milyon manatdan çox ola bilməz.
İştirakçıların ümumi sifarişləri təklif olunan istiqrazların 20 faizindən aşağı olarsa, Maliyyə Nazirliyi sifarişləri qəbul etməmək hüququna malik olacaq.
Eyni zamanda, istiqrazlara tələbin yüksək olması və formalaşan qiymətin emitenti qane etməsi halında yerləşdirmənin həcmi artırıla bilər. Bu halda 200 milyon manatlıq buraxılış maksimum 400 milyon manata çatdırıla bilər.
İstiqrazların anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

