Xəbər Yerində xəbər verir ki, Meksikanın Müstəqillik Günü Şuşada xüsusi tədbirlə qeyd olunub.
Meksikanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi qəbulda Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Meksikanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Müstəqillik Gününün Şuşada ikinci dəfə qeyd olunmasından məmnunluğunu ifadə edib.
Səfir bildirib ki, Meksikanın müstəqilliyinin 216-cı ildönümünün Şuşada qeyd edilməsi onun üçün böyük şərəfdir. O, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərinə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə qatılıb. Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Mənbə: İctimaiTV

