Milli Məclisdən Türkiyədən yayılan informasiya kampaniyası ilə bağlı açıqlama

Milli Məclisdən Türkiyədən yayılan informasiya kampaniyası ilə bağlı açıqlama

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyə ərazisindən sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.

Komissiyanın məlumatında bildirilib ki, aparılan monitorinqlər zamanı kampaniyanın müəyyən mərkəzlər tərəfindən təşkil edildiyi müəyyənləşdirilib.

Məqsədin nə olduğu açıqlanıb

Məlumata görə, kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəfə almaqla yanaşı, ictimai rəyi çaşdırmaq, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq yaratmaq və cəmiyyətdə qütbləşməyə səbəb olmaqdır.

Komissiya qeyd edib ki, informasiya kampaniyası əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, həm real, həm də saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.

Bildirilib ki, “bir millət, iki dövlət” prinsipinə sadiq olan Azərbaycan və Türkiyə cəmiyyətlərində bəzi şəxslər də bu kampaniyaya dəstək verirlər.

Məlumatlar aidiyyəti qurumlara təqdim ediləcək

Komissiyanın açıqlamasında Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yarada biləcəyi vurğulanıb. Buna baxmayaraq, kampaniyanın davam etdiyi bildirilib.

Qeyd olunub ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Komissiya həssas dönəmdə Azərbaycan vətəndaşlarını, eləcə də Türkiyədə yaşayan soydaş və qardaşları diqqətli olmağa, saxta məlumatlara inanmamağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir