Miqrantlarla bağlı yeni rekord: 230 nəfər bir qayıqla gəldi

Miqrantlarla bağlı yeni rekord: 230 nəfər bir qayıqla gəldi

Böyük Britaniyaya La-Manş boğazı üzərindən miqrant axını ilə bağlı yeni rekord qeydə alınıb. Belə ki, 230 nəfər bir qayıqla Fransadan Böyük Britaniyaya keçib.

Xeberyerinde xəbər verir ki, bu barədə “The Guardian”, ITV, “Financial Times” və digər xarici KİV-lər məlumat yayıb.

15 metrlik qayıqda 230 nəfər

Məlumata görə, təxminən 15 metr uzunluğunda şişmə qayıq Fransadan yola düşərək səhər saatlarında Dover sahillərinə çatıb. Qayıqda 230 nəfərin olduğu bildirilir.

Bu göstərici La-Manş boğazını bir qayıqla keçən miqrantların sayına görə yeni rekorddur. Bundan əvvəlki rekord iyul ayında qeydə alınıb. Həmin vaxt 165 nəfər bir qayıqla Böyük Britaniyaya çatmışdı. 

Qaçaqmalçıların yeni üsulu

Britaniya hakimiyyəti miqrant qaçaqmalçılarının getdikcə daha böyük qayıqlardan istifadə etməsindən narahatlığını ifadə edib.

Rəsmi şəxslər bu cür qayıqlara yüzlərlə insanın yerləşdirilməsini son dərəcə təhlükəli hesab edir. Məlumata görə, qayıqların dəniz şəraitinə davamlılığı aşağı olduğundan onların həddindən artıq yüklənməsi ciddi təhlükə yaradır. 

Xarici KİV-lər yazır ki, son dövrdə qaçaqmalçıların daha böyük qayıqlardan istifadə etməsi La-Manş boğazından keçidlərin təşkilində yeni tendensiyaya çevrilib.

Ümumi keçidlər azalsa da, təhlükə artır

Maraqlıdır ki, bir qayıqla keçənlərin sayı rekord həddə çatsa da, 2026-cı ildə La-Manş boğazı ilə Böyük Britaniyaya gələnlərin ümumi sayında azalma müşahidə olunur.

“Financial Times”ın məlumatına görə, 2026-cı ilin əvvəlindən avqusta qədər kiçik qayıqlarla keçidlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 43 faiz azalıb. Buna baxmayaraq, bir qayıqda daha çox insanın daşınması təhlükəsizliklə bağlı narahatlıqları artırır. 

Britaniya hökuməti qaçaqmalçılıq şəbəkələrinə qarşı mübarizəni gücləndirdiyini və Fransa ilə əməkdaşlığın davam etdirildiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir