Xəbər Yerində xəbər verir ki, dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fuad Musayev çıxış edərək Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili isə müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi də mülki iddianın tam təmin olunmasını istəyib.
Məhkəmə hökmü açıqlayıb. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Lakin təyin olunan cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.
Mənbə: Apa

